Şəkil 1. mobileTelecom peycer (pager) - Öndən görüntü
Uzun müddətdir vaxtikən babamın olan pageri işlətməyi, ona necəsə ikinci həyat verməyi düşünürdüm. Bir gün elə bu həvəslə bu cihazı yoxlamaq qərarına gəldim. İlkin olaraq batareya ilə enerji verməzdən öncə korroziyanın olub-olmadığını yoxladım. Çünki əlimdəki avadanlıq yansa yenisini əvəz edəcək təminatım yox idi. Qonşuda yoxdu, dükanda da satılmır… Dəqiqləşdirdikdən sonra batareyanı taxıb cihazı işə saldım və uşaqlığımda tez-tez eşitdiyim pagerin o həzin melodiyası yenidən gəldi, bütün uşaqlığım bir anlıq gözümün önündə canlandı.
Cihaz açıldı qarşımda “EMIL-S 12423” ardıyca “1 yanvar 1994 saat 12:00” yazısı…
Şəkil 2. Boot-up ekranı
Şəkil 3. Əsas səhifə
Funksiyaları biraz yoxladıqdan sonra sadəcə pagerin özüylə heçnə edə bilməyəcəyimi başa düşdüm. Buna görə onun işləmə məntiqini araşdırmağa başladım. Nə yaxşı ki, məndən öncə bir neçə insan da bu marağa düşüb, onların məqalələrini aşağıda linkləyirəm, marağı olan oxuya bilər.
NEC 21A - CallMax Maxer A20 - Nec Maxima - Skyper
Рубрика "динозавродевайсы" получила продолжение
Şəkil 4. Pagerin arxadan görüntüsü
Göründüyü kimi cihaz haqqında detallı mənbə, PCB üçün diaqramlar və s. yox idi. Məhz buna görə içimdəki o həvəs alovlandı və qərara gəldim ki, həvəskar da olsa reverse engineeringin vaxtıdır. Cihazı hissələrinə ayırıb vizual olaraq izləməyə başladım.
Şəkil 5. Arxa qapaq açıldıqdan sonra
Yuxarıdakı şəkildə gördüyüm məni çox təəccübləndirmədi. Vaxtının “xod gedən” plata dizaynlarından idi. Mərkəzi prosessoru (məqaləyə görə NEC Y6367) gördüm amma memory-ni aydınlaşdıra bilməmişdim. “5Z” yazılan stickerin altındakı çipin yaddaş çipi olacağı qənaətinə gəldim. Sonradan fərziyyəmin düzgün olduğu üzə çıxdı: həmin hissə RAM idi.
Şəkil 6. Qoruyucu stikerin sökülməsi
Şəkil 7. Qoruyucu stikerin sökülməsi
Şəkil 8. Əsas platanın tam görünüşü
Artıq bütün çiplərin kodlarını tam dəqiqliklə oxuya bilirdim. Komponentləri tək-tək araşdırmağa başladım. Məqsədim nə idi, nə axtarırdım bilmirdim, amma niyəsə içimdən bir səs məni 90-cı illərdən qalma bu cihazı tam olaraq başa düşməyim üçün sanki itələyirdi.
Biraz da dərinə düşdükdə cihazın bir yox 2 platadan ibarət olduğunu aydın şəkildə görmək olurdu. Qərara gəldim ki, hər ikisini ayırıb ayrı-ayrılıqda incələyim.
Şəkil 9. Əsas və ikinci dərəcəli plataların yaxından görünüşü
Şəkil 10. Əsas və ikinci dərəcəli plataların yaxından görünüşü
Şəkil 11. Əsas və ikinci dərəcəli plataların yaxından görünüşü
Şəkil 12. Əsas və ikinci dərəcəli plataların yaxından görünüşü
Şəkil 13. Əsas və ikinci dərəcəli plataların yaxından görünüşü
İnterfeysləri araşdırandan sonra yekun, əlimdə olan məlumatlar bunlar idi; Aşağıdakı şəkildə 1 ilə işarələnən - NEC Y6452-A03 (9547) proqram yaddaşı yəni ROM-dur, 2 ilə işarələnən NEC D43256BGU-B: 32K x 8 ölçülü SRAM (256 Kbit), yəni işləyən yaddaş RAM-dır. Sağ altda görünən 3 ilə işarələn 93LC66X I/SN seriyalı Microchip EEPROM konfiqurasiyaların saxlanıldığı hissədir. Ən aşağıda 4 ilə işarələnən hissə isə proqramlaşdırma portudur. Məqalədə bu portun 5 kontaktdan ibarət olduğu qeyd edilir, mən isə real cihazda 4 kontakt gördüm.
Şəkil 14. Əsas plata üzərindəki çiplərin işarələnməsi.
Araşdırma zamanı cihazın qəbul hissəsinin sxeminə də rast gəldim. Qeyd edim ki, sxem alman dilindədir və mənim cihazımın eyni modelinə aid olmaya bilər.
Şəkil 15. Oxşar plataya aid sxem
Amma hələ də istədiyimi tam ala bilməmişdim. Düşündüm ki, EEPROM-u oxumaqla sistemi daha yaxşı başa düşə bilərəm. Buna görə 1995-ci ildən qalan bu cihazın ikinci baharını qazanması üçün işə qoyuldum. Arch linux işlədirəm (btw) deyə mənə lazım olan proqramı AUR repository-sindən yüklədim və quraşdırdım.
➜ Pager git clone https://aur.archlinux.org/imsprog.git
Cloning into 'imsprog'...
remote: Enumerating objects: 123, done.
remote: Counting objects: 100% (123/123), done.
remote: Compressing objects: 100% (94/94), done.
remote: Total 123 (delta 27), reused 123 (delta 27), pack-reused 0 (from 0)
Receiving objects: 100% (123/123), done.
Resolving deltas: 100% (27/27), done.
➜ Pager cd imsprog/
➜ imsprog git:(master) makepkg -si
==> Finished making: imsprog 1.8.3-1 (Tue 10 Nov 2026 06:49:58 PM +04)
==> Installing package imsprog with pacman -U...
➜ imsprog git:(master)
Əsas məsələ də məhz burdan sonra başladı. Çünki qeyd olunan mikroçiplər və plata haqqında demək olar heç bir dokumentasiya yox idi olanlar da mənim versiyamla uyğun deyildi. Belə ki, bu plata 1997-ci ildə reviziya olunub və daha çox həmin reviziya olunmuş versiya yayılıb. Dediyim kimi yetərli dokumentasiya olmadığı üçün məcbur multimetrlə testlər apararaq düzgün portları manual olaraq müəyyən etməyə çalışırdım.
Şəkil 16. Multimetr vasitəsilə pinlərin müəyyən edilməsi
Bu mikroçiplərdə kiçik bir nöqtə/çıxıntı olur həmin nöqtə birinci pinin hansı olduğunu göstərmək üçündür və CH341 üzərində gələn clipdəki ribbonda qırmızı bu nöqtə ilə uyğunlaşdırılır və bunun nəticəsində çipi platadan ayırmadan oxuya bilirik. Bəzən isə EEPROM çiplərdə pin düzülüşü standartdan fərqli olur və mənim də başıma məhz bu gəldi. 93LC66X-in pinout-u adi 93C66 ilə eyni deyil, məsələn CS birinci pində deyil. Bu da lazım olmayan yerə 3.3V və ya daha artıq voltaj göndərməklə nəticələnə bilər ki, onsuz da əlimizdə olan bircə dənə göz nuru platamızı bu səbəbdən itirmək istəmərik. Problemi belə həll etdim: batareyanı çıxarıb multimetrlə çipin pinlərini lövhədəki mənfi batareya kontaktı ilə yoxladım. Səs verən pin 7 oldu, yəni GND (VSS). Başqa bir yoxlamada ORG pininin VCC-yə qoşulu olduğunu da gördüm. Uzun sözün qısası:
Bir xeyli yoxlama-yanılmadan sonra aşağıdakı formada wiring cədvəlini əldə etmiş oldum.
Şəkil 17. Elektrik sxeminin məntiqi görünüşü
Şəkil 18. Ribbonun ştekerindəki girişlərin məntiqi görünüşü
Vacib qeyd: CH341B-nin CS, CLK və MOSI pad-larında təxminən 5V ölçdüm, çip isə 3.3V ilə işləyir. Düzgün həll bu xətlərin hər birinə təxminən 1k rezistor qoşmaqdır. Mənim əlimdə rezistor yox idi və mən risk alaraq rezistorsuz qoşdum. Siz cihazınızı zədələməmək üçün belə addımlar atmayın.
Yekun setup fiziki olaraq bu formada görünürdü.
Şəkil 19. CH341 üzərində və clipdə naqillərin fiziki düzülüşü
Geniş bucaqdan (iş masam nə qədər balaca və dağınıq olsa da 😃)
Şəkil 20. Tamamlanmış dövrənin yekun görünüşü
İşimiz burda bitmir köhnə modellə işlədiyimiz üçün proqram təminatı və programmerimiz bu chipi avtomatik olaraq təyin edə bilmir buna görə manual olaraq proqram daxilində seçimlərimizi etməliyik. Proqramı açdıqda bizi aşağıdakı pəncərə qarşılayır.
Şəkil 21. IMSProg proqramının ilkin açılış ekranı
Çipin növü, istehsalçısı, adı və s. kimi parametrləri daxil edirik. Bundan əlavə yanlışlıqla silmək və ya müdaxilə etməmək üçün “Erase, Program, Verify” kimi funksiyaların “quş”unu da silirik.
Şəkil 22. Proqramda çipə aid məlumatların daxil edilməsi
Hər şey hazırdır oxuya bilərik. İlk cəhddə bütün hexlər FF çıxdı, yəni heç nə oxunmadı. Çox güman ki, səbəb clipin çipin pinlərinə zəif oturması idi. Clipi yenidən yerləşdirdikdən sonra real məlumatlar gəldi.
Şəkil 23. Məlumatların çip üzərindən hex formatda əldə olunması
Göründüyü kimi gibberish görünən hexlərdən ibarət bir output aldıq. Firmware və ya ümumiyyətlə config və s. dumplayan zaman best practice odur ki, əlaqəni kəsib ikinci dəfə yenidən dump edəsiniz və faylların hashlərini müqayisə edəsiniz. Bu zaman proses zamanı hər hansı xətanın olub olmadığını aydın şəkildə görmək olur. Bizdə də hər iki hash bir-biri ilə tamamilə uyğundur.
Şəkil 24. Alınan məlumatların hashlərinin müqayisəsi
Hexlərin arasında oxuna bilən mətn də var idi. Terminalda strings əmri ilə baxdıqda nəticə qarışıq çıxdı: “EN WOYKR E IM-L S 2124”. Çox güman ki, səbəb EEPROM-un 16 bitlik rejimdə işləməsi və hər iki baytın yerinin dəyişik saxlanmasıdır. dd conv=swab əmri ilə hər bayt cütünün yerini dəyişdikdə mətn oxunaqlı oldu: “NEW YORK EMIL-S 12423”. Bu, cihazı açanda ekranda gördüyüm “EMIL-S 12423” yazısıdır. Yəni EEPROM-dan oxuduğum məlumatla cihazın real davranışını ilk dəfə əlaqələndirə bildim.
strings -n 12 read1.bin
dd conv=swab if=read1.bin of=read1_swab.bin
strings -n 12 read1_swab.bin
Şəkil 25. Əldə olunan məlumatların təmizlənmiş görünüşü
Boş vaxtımda sadəcə maraq üçün başladığım bu iş içimdəki marağı oyatmağı bacardı. Post boyunca toxunmadığım və yəqin ki, sizləri də maraqlandıran bir məqam var - proqramlaşdırma portu. Bu portla bağlı gələcəkdə daha ətraflı araşdırma edib nələrə qadir olduğunu aydınlaşdıracam. Daha sonra bu cihazı Meshtastic LoRa radio kimi işlətmək qərarım var. Amma bunun üçün hələ tezdir hal-hazırda üzərində işlədiyim başqa proyektlərim var. Ümid edirəm ki, yaxın zamanda bu proyektə yenidən dönməyə vaxtım olacaq.
Hələlik isə bu qədər. Görüşənədək.