Local Scene 4 baxış

>_ Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı! Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yerini alan yeni qurumun səlahiyyət matrisini və fərdi məlumatların mühafizəsi strategiyasını təhlil edirik.

#Innovasiya
>_ Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı

Ölkənin rəqəmsal sərhədlərini qoruyan mühərrikdə vacib bir yenilənmə baş verdi. Uzun illərdir fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti (ETX) öz missiyasını başa vuraraq yerini daha geniş səlahiyyətlərə və institusional gücə malik olan Milli Kibertəhlükəsizlik Agentliyinə təhvil verdi. Bu, sadəcə ad dəyişikliyi deyil, ölkənin kiber-müdafiə arxitekturasının yeni bir mərhələyə keçməsidir.

Dünya miqyasında kiberhücumların həm mürəkkəbliyi, həm də tezliyi artdıqca (MaaS - Malware-as-a-Service, zero day vulnerabilities və s.), lokal səviyyədə cavabdeh qurumların da statusunun "Xidmət" formatından daha çevik və tənzimləyici "Agentlik" formatına keçməsi qaçılmaz bir qlobal trenddir.

Bu tendensiyanı Azərbaycanda artıq bir neçə dövlət qurumunda görmüşük, nəticələr isə müsbətdir.

// Səlahiyyət Matrisi: Yeni qurum nə işlə məşğul olacaq?

Yeni yaradılan Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində ümumi tənzimləmə və nəzarəti həyata keçirəcək. Əsas diqqət mərkəzində rəqəmsal infrastrukturun dayanıqlılığının artırılması, ölkə səviyyəsində preventiv tədbirlərin görülməsi və insidentlərin araşdırılması dayanır. Eyni zamanda, internet resurslarında qanunla yayılması qadağan edilən məlumatların qarşısının alınması və fərdi məlumatların mühafizəsi də bu qurumun birbaşa mandatına daxildir.

Bizlər üçün maraqlı olan hissə burasındadır ki, agentlik kritik informasiya infrastrukturları istisna olmaqla, ümumi ölkə səviyyəsində kiber mühiti tənzimləyəcək. Belə başa düşmək olar ki, ölkənin internet mühiti bir neçə qurum arasında müvafiq səlahiyyətlərə uyğun olaraq dövlət səviyyəsində bölüşdürülüb. Bu funksiyaların bir-birini təkrarlamaması üçün çox vacib bir yanaşmadır.

// Data Privacy: Fərdi məlumatların mühafizəsi ön planda

Agentliyin əsas sütunlarından biri fərdi məlumatların qorunması prosesinə nəzarət olacaq. Son illərdə qlobal səviyyədə məlumat sızmaları (data breaches) və parolların oğurlanması halları artdığı üçün, yerli şirkətlərin və platformaların istifadəçi datası ilə necə davrandığına nəzarət mexanizminin gücləndirilməsi mütləq idi.

Şəxsən məni ən çox sevindirən məqam məhz budur. Çünki lokal bazarda bir çox şirkət hələ də istifadəçi məlumatlarını şifrələnməmiş halda saxlayır və standartlara uyğun qaydalara əməl etmir. Mən özüm də bu kimi hallardan birinin qurbanı olmuşam vaxtilə. Məsələ lokal servislərdən getdikdə məlumatlarımızı daxil etməkdən başqa yolumuz qalmır, çünki lokal olaraq başqa alternativlər ya azdır, ya da ümumiyyətlə yoxdur. Agentliyin bu sahədə daha ciddi tənzimləmə tətbiq etməsi, yerli startapların və böyük bizneslərin öz sistemlərində təhlükəsizlik standartlarını (məsələn, ISO 27001 və ya GDPR-bənzəri yanaşmaları) artırmağı məcbur edəcək.

// Maarifləndirmə və metodiki dəstək

Agentliyin funksiyaları sırasına təkcə "nəzarət" deyil, həm də əhalinin, dövlət və qeyri-dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onlara metodiki dəstək göstərilməsi daxildir.

>_ Nəticə

Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması Azərbaycanın rəqəmsal ekosisteminin yetkinləşdiyini göstərir. Keçmiş Elektron Təhlükəsizlik Xidmətinin bütün hüquqi varisi olan bu yeni publik hüquqi şəxs, maliyyə baxımından da öz xidmətlərindən əldə etdiyi vəsaitlər və digər qanuni mənbələr hesabına maliyyələşəcək ki, bu da onun daha müstəqil və operativ fəaliyyət göstərməsinə şərait yaradacaq.

>_ exit --status: Success

// Paylaş

Məqaləni Paylaş