Tech Trends 2 baxış

>_Developerlər üçün güvəniləcək platforma : Windows

Windows Build 2026: Microsoft macOS və Linux-a qaçan developerləri geri qaytara biləcəkmi? WSL, Coreutils və MXC SDK-nın kiber-analizi KhazriSec-də.

#Innovasiya
>_Developerlər üçün güvəniləcək platforma : Windows

Ötən günlərdə Windowsun “Build 2026” konfransı keçirildi. Başlıq mətni olaraq “Furthering Windows as the trusted platform for development” seçilməsi developerlərə ümidverici vədlərlə dolu olacağını bəlli edir. Microsoft süni intellekt (AI) və bulud inteqrasiyaları ilə developerləri öz ekosisteminə bağlamaq istəyir.

// Windows Subsystem for Linux (WSL) və Yeni Terminal Müharibələri

Konfransın əsas mətnindən bunu anlamaq olar ki, Windows daha yaxşı workflow əldə etmək üçün MacOS və Linux Distrolarından istifadə edən developerləri geri qaytarmağa çalışır.

Bunun əsas indikatoru WSL üzərində olan dəyişikliklər və bu barədə gələcək vədlərdir. Belə ki, verilən vədlərə görə artıq WSL üzərindən exe binary-lərini birbaşa build və deploy edə biləcəyik. Bundan əlavə API endpointləri vasitəsilə native Windows proqramları daxilində Linux əsaslı prosesslər yaratmaq mümkün olacaq.

Əlavə olaraq mənim üçün daha cəlbedici olan coreutils proyektidir ki, bu proyekt vasitəsilə linux native commandləri windows terminalları üzərində icra etmək mümkün olur. Hal-hazırda bu proqramın edə biləcəyi commandlər çox az saydadır. Linuxun verdiyi geniş imkanları Windows kimi bir platform üzərindəki commandlərə port etmək heç də asan məsələ deyil. Açıq mənbə kodlu (open-source) https://github.com/uutils/coreutils proqramı üzərindən inkişaf etdirilən Microsoft.Coreutils Linux əsaslı sistemlər üzərində işləyən developerləri öz ekosisteminə cəlb etmək üçün Microsoftun atdığı ən böyük addımlardan biridir. Yəqin ki, bir çoxumuzun bu sistemlər arasında keçid etdikdə şüuraltı beynimizə qazınmış komandaları istifadə etməyə çalışıb yanıldığımız az olmayıb. Ən azından bir dəfə belə olsa “grep” komandasının yoxluğunu hiss edirik. Microsoft bu baxımdan işimizi rahatlaşdırmaq üçün Coreutils proyekti daxilində bir çox native command üçün alternativ yaratmaq qərarına gəlib. İndiyə qədər bu proyekt onsuz da var idi və bir çox linux commandlərini windows üzərində işlətmək olurdu. Bunun üçün hər komandaya görə .exe binary yaradılırdı və PATH-ə əlavə edilirdi. İndi isə bütün bunlar sadəcə coreutils.exe ilə həll edilə biləcək.

Düzdür, WSL və coreutils proyektləri əladır, amma bu Microsoft-un “Embrace, Extend and Extinguish” (Mənimsə, Genişləndir və Məhv et) fəlsəfəsinin növbəti addımı ola bilərmi? Son dövrlərdə Aİ istifadəsinin artması ilə bərabər Microsoftun adı developerlər arasında Microslop olaraq çəkilməyə başladı. Səbəb isə “Copilot”-un ikrah doğuracaq şəkildə çox istifadə edilməsi oldu. Bu bir çox developerin Linux distrolarına və ya MacOSə keçməsinə səbəb oldu. Windowsun artıq development üçün ciddi bir platforma olaraq görülməməsinə gətirib çıxardı. Düşünürəm Microsoftun bu addımı Windows üzərindəki Linux mühitini təkmilləşdirmək üzərinə qurulub ki, daha heç kim əməliyyat sistemini dəyişməyə ehtiyac duymasın.

// Süni İntellekt API-ları: Biz Doğrudan Kod Yazırıq, Yoxsa "Prompt" mühəndisiyik?

Məsələ Süni intellekə gəlmişkən… Son dövrlər süni intellektin indiyə qədər görülməmiş bir sürətdə inkişafı özüylə bərabər yeni workflowların yaranmasına gətirib çıxardı. Şəxsən tanıdığım developerlərdən eşitdiyim fikirlərlə bu qənaətə gəlmişəm ki, artıq yaxşı developer olmaq üçün süni intellektdən ən optimal şəkildə istifadə etməyi bacarmaq lazımdır. Bir çox developer artıq öz işində lokal AI API-larından gündəlik olaraq istifadə edir. Windows bu baxımdan da bəzi problemlər yarada bilirdi. Konfransın bir digər mövzusu da məhz bu mövzu ətrafında qurulub. Microsoft Execution Containers (MXC) SDK vasitəsilə artıq AI agentlərin sisteminizdəki fayllar üzərində nəyə giriş icazəsi olub olmadığını təyin edə, sərhədləri özünüz müəyyən edə bilərsiniz.

Bu nöqtədə Copilot runtime yeniliklərini də qeyd etmək lazımdır. Artıq agentləri native olaraq windows üzərindən MXC vasitəsilə run edə biləcəksiniz. Bu agentlər run olduğu zaman MXC vasitəsilə contained şəraitdə qalacaqlar və bu da təhlükəsizliyiniz üçün əlavə bir qoruma qatı olacaq.

Bütün bunları nəzərə alaraq görə bilərik ki, Microsoft hər bir dev alətinə AI qoşmağa çalışır. Bu, proqramçıların işini asanlaşdırırmı, yoxsa bizləri sadəcə “prompt” yazan tənbəl insanlaramı çevirir? Bunu zaman göstərəcək.

Bu qədər AI olan mühitlərdə hələ də öz alnının təri ilə kod yazan real developerlərin əməyini bir daha təqdir edirəm. Bu developerlər hal-hazırda ciddi “dev fatigue” dövründədirlər. Düşünürəm ki, yaxın müddət ərzində AI məsələsinin məntiqi sonluğu tapılacaq. Həqiqətən işini yaxşı bilən developerlər yenə fəaliyyətini hər gün yeni bir modeli implement etməklə keçirməyəcəklər.

// Etibarlı platforma, yoxsa qapalı ekosistem?

Konfransın əsas ideyası olan “Trusted platform” (Etibarlı platforma) əsasən sadalanan bu toolların və yeniliklərin developerin işini rahatlaşdıracaq şəkildə kod təhlükəsizliyi qaydalarını gözləyən bir mühit yaratmaqdır. Lakin bütün bunlar rahatlıq gətirsə də, Microsoft developerin sistem üzərindəki azadlığını, root/admin fəlsəfəsini hər il keçdikdə biraz daha əlindən alır. Bu gedişat windowsun da MacOS kimi qapalı və hər şeyə icazə istəyən bir mühitə çevrilməsinə yol aça bilərmi? Bunu da zaman göstərəcək.

//exit

Hər halda yeniliklərdən asılı olmayaraq yaxşı developer həmişə öz alətlərini düzgün seçməyi bacarmalı, onlardan ən effektiv şəkildə istifadə edə bilməlidir. Bizi biz edən əsas amillərdən biri alət istifadə edə bilməyimizdir. Bunu unutmayaq. Tech Trends-in gələcək rubrikalarında görüşmək ümidi ilə.

$ khazrisec --topic tech-trends --analyze build-2026
# Status: Corporate AI push exposed.
$ exit

// Paylaş

Məqaləni Paylaş